Yəqin ki bir çoxunuz
Şouşenkdən Qaçış filmi ilə tanışsınız. Həmin filmin bir səhnəsində Endi digər məhbuslar
ilə həbsxananın damında işlədiyi zaman gözətçilərdən biri, Kapitan Hedli
qardaşından ona 35,000 dollar dəyərində əmlakın miras qaldığını, lakin Daxili Gəlirlər
Xidmətinin (Internal Revenue Service) bunun müqabilində ondan böyük miqdarda
pay (vergi) alacağından şikayətlənir. Baş obraz, Endi gözətçiyə vergini ödəməmək
üçün belə bir məsləhət verir:
“Əgər pulu cibinizdə saxlamaq istəyirsinizsə, əmlakı hədiyyə kimi həyat yoldaşınıza verin. IRS sadəcə bir dəfəlik 60,000 dollara qədər hədiyyənin verilməsini vergidən azad edir. Dövlət sizin bir sentinizə belə toxuna bilməyəcək. Sadəcə vəkil tutmalısınız, amma istəsəniz bunu sizin üçün mən edə bilərəm.”
Doğrudan da belədir mi? Gəlin, aydınlaşdıraq.
Əmlak Vergisi və Hedlinin Ailəsi
Filmdə hadisələrin baş verdiyi ilə (1949) nəzər salsaq görərik ki, ölən şəxsin əmlakı yalnız qanunla müəyyən edilmiş həddən artıq olduqda vəsiyyət edilən əmlak vergiyə cəlb olunurdu. Bu hədd isə 1942-1976-ci illər ərzində 60,000 dollar idi.[1]. Kapitan Hedliyə düşən vəsiyyətin 35,000 dollar dəyərində olduğunu nəzərə alaraq deyə bilərik ki, onun qardaşından aldığı əmlaka münasibətdə dövlətə bir sent belə vergi ödəmək öhdəliyi yox idi.
Vəsiyyəti Birinci Dərəcəli Qohuma Hədiyyə Etməklə Vergidən Azad Olmaq Mümkündürmü?
İkinci məsələ isə vəsiyyət edilən əmlak 60,000 dollardan artıq olsa belə onu həyat yoldaşına hədiyyə etmək yenə də vərəsəni vergi ödəməkdən azad etmir. Bir əmlakı hədiyyə etmək və ya başqasına vermək üçün ilk öncə onu qəbul etmək lazımdır və Kapitan Hedli bu əmlakı qəbul etdikdə IRS vəsiyyət üzrə həmin əmlakı vergiyə cəlb edəcəkdi. Yəni vərəsə əmlakı qəbul etdiyi zaman onu başqasına hədiyyə etməklə ödəməli olduğu vergidən azad ola bilməz.
Bəs onda Endi nədən danışırdı, yoxsa ssenaristlər ixtiyari bir neçə termindən istifadə etməklə sırf Endinin hüquqi məsləhət verdiyini göstərmək üçün belə bir səhnə yazmışdılar?
Əslində Endi Kapitan Hedliyə düşən mirasın vergiyə cəlb edilməyəcəyini yaxşı bilirdi. Edəcəyi tək şey isə IRS-ə boş bir bəyannamə göndərmək idi. Sonda Kapitan Hedli əmlakın “möcüzəvi şəkildə” heç bir vergi ödəmədən ona keçməsinin şahidi olacaqdı. Endinin məsləhəti düzgün olmasa da, bütün işin onun tərəfindən həll edildiyi sanılacaq, olmayan “problemi” aradan qaldırdığına görə qəhrəman kimi görünəcəkdi.
Endinin yalan danışdığını müəyyənləşdirmək üçün isə Kapitan Hedlinin ABŞ-ın 1942-ci ildə qəbul edilmiş Vergi aktını oxuyub başa düşməyi lazım idi. Təbii ki, həbsxanada adi bir gözətçi işləyən Kapitan Hedli üçün bu aktın dili olduqca çətin və mürəkkəb idi. Buna görə o, qanunvericiliyi oxuyub başa düşməkdənsə, Endiyə inanmağı üstün tutur.
Kapitan Hedli kimi qanunun dilinə uzaq olan insanlar Endi kimi hüquqi terminlərdən istifadə etməklə məsləhət verən və onlara “kömək” edən şəxsləri həmişə qəhrəman kimi görürlər. Günümüzdə bu hallar ilə tez-tez rastlaşırıq. Lakin hər kəs öz hüquqlarını lazımi qədər bilsə, bu cür qəhramanlıqlara ehtiyac qalmaz.
