Annotasiya
Frans Kafkanın
1914-1915-ci illərdə yazdığı və ölümündən sonra nəşr olunmuş "Məhkəmə"
romanında uzaq və əlçatmaz hakimiyyət
tərəfindən mühakimə olunan Jozef K-nın hekayəsindən bəhs edilir. Yaxın günlərdə də Beynəlxalq Cinayət Məhkəməsi
Rusiya Federativ Respublikasının Prezidenti Vladimir Putinin Ukraynada törətdiyi
müharibə cinayətlərinə görə onun həbs edilməsi barədə qərar qəbul etmişdir. Bu
hadisədən sonra dünya ictimaiyyəti qarşısında bir sıra maraqlı suallar
yaranmışdır: “Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putini mühakimə edə bilər
mi?”, “Məhkəmənin bu iş üzrə yurisdiksiyası mövcuddurmu?”, “Qərar hansı ölkə(lər)
tərəfindən və hansı formada icra ediləcək?”, “Qərarın icrası Rusiya üçün məcburidirmi?”
Vladimir Putinin Kafka Məhkəməsi. Birinci hissə -
Yurisdiksiya
Giriş
Bildiyimiz kimi 24 fevral 2022-ci il tarixdən
etibarən dünya ictimaiyyətinin əsas diqqət mərkəzi Ukrayna – Rusiya müharibəsinə
yönəlmişdir. Bu məsələ ilə bağlı keçdiyimiz günlərdə beynəlxalq cinayət
hüququnu yaxından maraqlandıran bir hadisə baş vermişdir. Belə ki, 17 Mart
2023-cü il tarixində Beynəlxalq Cinayət Məhkəməsinin Məhkəməyəqədərki Palatası
(ingiliscə Pre-Trial Chamber II) Ukraynadakı hadisələrlə əlaqədar
Vladimir Putin və Maria Alekseyevna Lvova-Belova barəsində
həbs qərarı qəbul etmişdir.[1] Qərara əsasən müəyyən
olunmuşdur ki, Vladimir Putin və Maria Alekseyevna Lvova-Belova əhalinin
(uşaqların) qanunsuz deportasiyası və Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin
(uşaqların) Rusiya Federasiyasına qanunsuz köçürülməsi cinayətləri üzrə Roma Əsasnaməsinin
8(2)(a)(vii) and 8(2)(b)(viii) maddələrinə əsasən beynəlxalq cinayət məsuliyyəti
daşıyırlar.
Xüsusilə də Vladimir Putinlə bağlı bu qərarın
icrası böyük maraq doğurur. Belə ki, əsas mübahisəli məqamlardan biri Vladimir
Putinin prezident olaraq rationae personae immunitetə malik olması
fonunda sözügedən qərarın icrası ilə bağlıdır. Qərarın icrası ilə bağlı mübahisəli
məsələlər mövcud olsa da, ümumiyyətlə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən
bu qərarın verilməsi üzrə yurisdiksiyanın mövcudluğu müzakirə olunan məsələlərdəndir.
Bu bloq yazısı Vladimir Putinə münasibətdə verilmiş
həbs qərarı üzrə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının mövcudluğu
araşdıracaqdır. Hazırkı bloq yazısının ikinci hissəsində isə müasir beynəlxalq
cinayət hüququnda bu həbs qərarının icrası ilə bağlı mübahisəli məsələlər müəyyən
ediləcəkdir.
Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı Situasiya
ilə bağlı Yurisdiksiyası
Beynəlxalq Cinayət Məhkəməsi Roma Əsasnaməsi əsasında
formalaşdığına görə məhkəmənin fəaliyyəti ilə bağlı əsas məqamlar və
yurisdiksiya ilə bağlı məsələlər də Roma Əsasnaməsi vasitəsilə tənzimlənmişdir.
Bununla bağlı bildirmək istəyirik ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs
barədə qərarın verilməsi üzrə yurisdiksiyasının mümkünlüyü müvafiq iş üzrə
ümumi yurisdiksiyasının mövcudluğundan asılıdır. Bununla əlaqədar olaraq Beynəlxalq
Cinayət Məhkəməsinin Ukrayna situasiyası üzrə yurisdiksiyasının mövcudluğunu müəyyənləşdirmək
lazımdır. Bunun üçün ilk öncə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiya hədlərinə
nəzər yetirək.
Beynəlxalq Cinayət Məhkəməsinin Yurisdiksiyasının Hədləri
Roma Əsasnaməsinə əsasən Beynəlxalq Cinayət Məhkəməsinin
yurisdiksiyanın hədləri dörd istiqamətdə müəyyənləşdirilmişdir: 1) rationae
materiae 2) rationae loci 3) rationae personae 4) rationae
temporis.
Rationae materiae
Rationae materiae yurisdiksiya həddinə əsasən Beynəlxalq Cinayət Məhkəməsi
öz yurisdiksiyasını yalnız Roma Əsasnaməsində müəyyən edilən və beynəlxalq əhəmiyyət
kəsb edən ən ağır dörd cinayət, yəni soyqırım cinayəti, insanlığa qarşı cinayətlər,
müharibə cinayətləri və təcavüz cinayəti (birlikdə “beynəlxalq cinayətlər”)
üzərində həyata keçirir.[2] Eyni zamanda Roma Əsasnaməsində
nəzərdə tutulmayan cinayət əməlləri üzrə məhkəmənin yurisdiksiyası mövcud
deyildir
Rationae temporis
Bu yurisdiksiya həddi ilə bağlı Roma Əsasnaməsi iki
göstəriş müəyyən etmişdir. İlk göstərişə əsasən Beynəlxalq Cinayət Məhkəməsi
Roma Əsasnaməsi qüvvəyə mindikdən sonra törədilmiş beynəlxalq cinayətlərə
münasibətdə yurisdiksiyaya malikdir.[3] Digər göstərişə əsasən isə əgər ölkə Roma Əsasnaməsi
qüvvəyə mindikdən sonra onun iştirakçısı olarsa, Beynəlxalq Cinayət Məhkəməsi
öz yurisdiksiyasını həmin ölkəyə münasibətdə onun üçün Əsasnamə qüvvəyə mindikdən
sonra törədilmiş cinayətlər ilə əlaqədar həyata keçirə bilər.[4]
Rationae loci
Digər bir yurisdiksiya həddi isə Beynəlxalq Cinayət
Məhkəməsinin ərazi baxımdan yurisdiksiyasını müəyyənləşdirir. Bu yurisdiksiya həddinə
əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası üzv Dövlətlərin ərazisində
baş verən beynəlxalq cinayətlərə aiddir. Roma Əsasnaməsi Rationae loci ilə
bağlı iki istisna da müəyyənləşdirilmişdir. Belə ki, müvafiq cinayət qeyri-üzv Dövlətin
ərazisində baş verdiyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsi aşağıda göstərilən
hallarda öz yurisdiksiyasını həyata keçirə bilir:[5]
1.
Əgər
müvafiq cinayət digər bir üzv Dövlətin vətəndaşı tərəfindən törədilərsə;
2.
Əgər
ərazisində beynəlxalq cinayət törədilmiş qeyri-üzv Dövlət tərəfindən müvafiq
cinayət üzrə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası ad hoc qəbul
edilərsə.
Rationae personae
Bu yurisdiksiya həddinə əsasən Beynəlxalq Cinayət Məhkəməsinin
yurisdiksiyası üzv Dövlətlərin vətəndaşları tərəfindən törədilən cinayətlərə
aiddir. Rationae loci yurisdiksiyada olduğu kimi Roma Əsasnaməsində bu
yurisdiksiya həddi ilə bağlı da iki istisna müəyyən edilmişdir. Belə ki,
müvafiq cinayət qeyri-üzv Dövlətin vətəndaşı tərəfindən törədilərsə, məhkəmə
aşağıda göstərilən hallarda da öz yurisdiksiyasını həyata keçirə bilir:[6]
1.
Əgər
müvafiq cinayət digər bir üzv Dövlətin ərazisində törədilərsə;
2.
Əgər
vətəndaşı beynəlxalq cinayəti törədən şəxs olan qeyri-üzv Dövlət tərəfindən
müvafiq cinayət üzrə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası ad hoc
qəbul edilərsə.
Rationae loci və rationae personae yurisdiksiya üzrə nəzərdə
tutulan tənzimləmələrdən müəyyən olunur ki, bu iki yurisdiksiya həddi bir-birinə
kumulativ deyil, alternativ olaraq tətbiq edilir. Başqa sözlə, Beynəlxalq Cinayət
Məhkəməsinin yurisdiksiyasının mövcudluğu üçün müvafiq cinayətin həm üzv Dövlətin
ərazisində, həm də üzv Dövlətin vətəndaşı tərəfindən törədilməsi tələb edilmir.
İki yurisdiksiya həddindən birinin mövcudluğu Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən
yurisdiksiyanın mövcudluğuna dəlalət edir. Məsələn, əgər beynəlxalq cinayət üzv
Dövlətin ərazisində törədilərsə, lakin həmin cinayətləri törədən şəxslər
qeyri-üzv Dövlətin vətəndaşı olsalar belə, Beynəlxalq Cinayət Məhkəməsinin
yurisdiksiyası mümkündür.
Yuxarıda göstərilən yurisdiksiya hədlərindən savayı
Roma Əsasnaməsi həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının həyata
keçirilmə mexanizmi ilə bağlı qaydaları da müəyyənləşdirir. Belə ki, Roma Əsasnaməsinin
13-cü maddəsinə əsasən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının işə
salınması məqsədilə müvafiq situasiya üzrə iş ya üzv Dövlət, ya da BMT Təhlükəsizlik
Şurası tərəfindən Prokurora təqdim edilir. Bununla yanaşı, Prokuror tərəfindən
öz təşəbbüsü ilə müvafiq situasiya üzrə ibtidai araşdırma başladılaraq Beynəlxalq
Cinayət Məhkəməsinin yurisdiksiyası işə salına bilər.
Roma Əsasnaməsi yurisdiksiyanı işə salma mexanizmləri
ilə bağlı müvafiq şərtlər də nəzərdə tutmuşdur. Belə ki, üzv Dövlət və Prokuror
tərəfindən müvafiq situasiya üzrə iş məhkəməyə təqdim edildiyi zaman həmin iş
üzrə beynəlxalq cinayət ya üzv Dövlətin vətəndaşı tərəfindən, ya da üzv Dövlətin
ərazisində törədilməlidir.[7]
Bununla bağlı Roma Əsasnaməsində həmçinin nəzərdə tutulmuşdur ki, beynəlxalq
cinayət qeyri-üzv Dövlətin vətəndaşı tərəfindən və ya qeyri-üzv Dövlətin ərazisində
törədilərsə belə, həmin qeyri-üzv Dövlət tərəfindən məhkəmənin yurisdiksiyası
müvafiq iş üzrə ad hoc qəbul edildiyi təqdirdə də yurisdiksiyanın işə
salınması mümkündür.[8]
Beynəlxalq Cinayət Məhkəməsinin Ukrayna Situasiyası
üzrə Yurisdiksiyasının Mövcudluğu
Yuxarıda göstərilənlərə əsasən Ukrayna situsiyası
üzrə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının olub-olmamasın müəyyənləşdirmək
mümkündür. İlk öncə onu qeyd edək ki, nə Ukrayna, nə də Rusiya Roma Əsasnaməsinə
üzv ölkədir. Belə ki, 2000-ci ildə Roma əsasnaməsi hər iki ölkə tərəfindən
imzalansa da, nə Rusiya, nə də Ukrayna indiyədək müxtəlif səbəblərə görə hələ də
ratifikasiya edilməmişdir. Hətta, Rusiya tərəfindən 2016-cı ildə Roma Əsasnaməsini
imzalaması geri çəkilmişdir. Bu səbəbdən ilk baxışdan müəyyən edilir ki, nə rationae
personae, nə də rationae loci yurisdiksiya həddi ödənilmişdir.
Ukrayna Roma Əsasnaməsinə üzv Dövlət olmasa da,
onun tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası iki dəfə ad
hoc şəkildə qəbul edilmişdir. Belə ki, ilk olaraq bu məqsədlə Ukrayna tərəfindən
17 aprel 2014-cü ildə bəyanat Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilmiş və
21 noyabr 2013-cü ildən 22 fevral 2014-cü il tarixədək Ukrayna ərazisində EuroMaidan
iğtişaşları nəticəsində törədilmiş cinayətlərə münasibətdə məhkəmənin yurisdiksiyası
qəbul edilmişdir.[9]
Bu bəyanat üzrə Prokuror tərəfindən ibtidai araşdırma başladılsa da, baş vermiş
cinayətlərin mülki əhaliyə qarşı geniş və ya sistemli hücumun tərkib hissəsi
kimi törədilməsinə dair yetərincə sübutların olmaması səbəbindən iddia edilən
cinayətlərin bəşəriyyətə qarşı cinayət tərkibi olmadığı və bu səbəbdən ibtidai
araşdırmanı davam etdirməmək qərarına gəlinmişdir.
Daha sonra 8 sentyabr 2015-ci ildə, Krımda və
Ukraynanın şərqində baş verən hadisələr fonunda, Ukrayna tərəfindən Rusiya
işğalı ilə bağlı törədilməsi iddia edilən beynəlxalq cinayətlər üzrə məhkəmənin
yurisdiksiyasını ad hoc qəbul etməsini nəzərdə tutan ikinci bəyannamə məhkəməyə
təqdim edilmişdir.[10]
İlk bəyannamədən fərqli olaraq bu bəyannamə üzrə hər hansı vaxt məhdudiyyəti nəzərdə
tutulmamışdır. Bu səbəbdən Ukrayna tərəfindən 8 sentyabr 2015-ci ildən etibarən
bugünədək Ukrayna ərazisində törədilməsi iddia edilən beynəlxalq cinayətlər üzrə
Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası qəbul edilmişdir. Göründüyü kimi
həm rationae loci, həm də rationae temporis yurisdiksiya həddi
hazırkı iş üzrə ödənilmişdir. Bu bəyannamə əsasında Prokurorluq orqanı tərəfindən
ilkin araşdırma başladılmışdır. Məhz Ukrayna tərəfindən təqdim edilən ikinci bəyannamə
və aparılan ilkin araşdırmaya əsaslanaraq Beynəlxalq Cinayət Məhkəməsinin
Prokuroru tərəfindən 28 fevral 2022-ci il tarixində araşdırılma başladılması qərara
alınmışdır. Prokuror tərəfindən göstərilmişdir ki, ilkin araşdırma zamanı qiymətləndirilmiş
hadisələrlə bağlı Ukraynada həm iddia edilən hərbi cinayətlərin, həm də insanlığa
qarşı cinayətlərin törədildiyinə inanmaq üçün ağlabatan əsas var. Araşdırma nəticəsində
müəyyən edilmişdir ki, Vladimir Putin tərəfindən müharibə cinayətlərinin törədilməsi
ilə bağlı yetərincə əsaslı sübutlar mövcuddur. Buna uyğun olaraq rationae materiae
yurisdiksiya həddi də hazırkı iş üzrə mövcuddur.
Nəticə
Beləliklə, Ukrayna Roma Əsasnaməsinə üzv olmasa da,
onun tərəfindən məhkəmənin yurisdiksiyası ad hoc qəbul edildiyindən Beynəlxalq
Cinayət Məhkəməsi tərəfindən yurisdiksiyanın həyata keçirilməsi mümkündür.
Yuxarıda göstərdiyimiz kimi müvafiq iş üzrə həbs qərarının çıxarılmasının
mümkünlüyü müvafiq iş üzrə ümumi yurisdiksiyanın mövcudluğundan asılıdır. Nəticədə,
Beynəlxalq Cinayət Məhkəməsinin Ukrayna situasiyası üzrə yurisdiksiyası mövcud
olduğundan Vladimir Putin və Maria Alekseyevna Lvova-Belova qeyri-üzv Dövlətin
vətəndaşı olmasına baxmayaraq, onlar barəsində həbs qərarlarının verilməsi
mümkündür.
[1] https://www.icc-cpi.int/news/situation-ukraine-icc-judges-issue-arrest-warrants-against-vladimir-vladimirovich-putin-and
[2] Beynəlxalq Cinayət Məhkəməsi, Roma Əsasnaməsi, Maddə 5 https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf
[3] Beynəlxalq Cinayət Məhkəməsi, Roma Əsasnaməsi, Maddə 11.1 https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf
[4] Beynəlxalq Cinayət Məhkəməsi, Roma Əsasnaməsi, Maddə 11.2 https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf
[5] Beynəlxalq Cinayət Məhkəməsi, Roma Əsasnaməsi, Maddə 12.2 və Maddə
12.2(b) https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf
[6] Beynəlxalq Cinayət Məhkəməsi, Roma Əsasnaməsi, Maddə 12.2 və Maddə
12.2(a) https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf
[7] Beynəlxalq Cinayət Məhkəməsi, Roma Əsasnaməsi, Maddə 12.2 https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf
[8] Beynəlxalq Cinayət Məhkəməsi, Roma Əsasnaməsi, Maddə 12.3 https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf
