Giriş
Çarlz Dikenzin 19-cu əsrdə çap edilmiş “İki şəhərin
hekayəsi” (“A Tale of Two Cities”) əsərində bir-birindən fərqli həyatın hökm
sürdüyü London və Paris şəhərləri təsvir edilmişdir. Bu günkü bloq yazımızın “qəhrəmanları”
olacaq şəxslər də tamamilə fərqli xüsusiyyətlərə malik iki ölkəni, iki regionu
və iki şəhəri təmsil edirlər. Onları əhatə edən mühitlərin fərqli olmasına
baxmayaraq hər ikisini birləşdirən bir məqam vardır: beynəlxalq cinayətlərin
törədilməsi üzrə ittiham olunmaları. Həmin şəxslər Sudanın vaxtı ilə prezidenti
olmuş Əl-Bəşir və Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putindir.
Məhz, hər iki şəxs barəsində Beynəlxalq Cinayət Məhkəməsi (bundan sonra “BCM”) tərəfindən beynəlxalq
cinayətlərin törədilməsi üzrə həbs qərarı verilmişdir.
Qeyd etmək istəyirik ki, bu bloq yazısının ilk hissəsində Vladimir Putinlə bağlı verilmiş həbs qərarı üzrə
yurisdiksiya məsələsi araşdırılmış idi. Hazırda isə bu həbs qərarının icrası məsələsi
Əl-Bəşir məhkəmə işinin fonunda analiz ediləcəkdir.
Həbs Qərarının Xüsusiyyəti və İcrası
Müvafiq şəxs barəsində həbs qərarının verilməsi BCM
tərəfindən öz yurisdiksiyasının həyata keçirilməsi zamanı mühüm rol oynayır.
Belə ki, Roma Əsasnaməsinin 58-ci maddəsinə əsasən istintaq prosesi başladıqdan
sonra istənilən vaxt Məhkəməyəqədərki Palata tərəfindən Prokuror vasitəsilə təqdim
edilən sübutlar və informasiya əsasında müvafiq şəxsin yurisdiksiya daxilində
beynəlxalq cinayət törətdiyini iddia etməyə yetərincə əsaslar olduğu təqdirdə həmin
şəxsin həbsi barədə qərar çıxarıla bilər.[1]
Həbs barədə qərarın verilməsi BCM’də məhkəmə prosesinin həyata keçirilməsi üçün
mühüm rol oynayır. Məhz Roma Əsasnaməsinin 63-cü maddəsinə əsasən təqsirləndirilən
şəxsin iştirakı olmadan məhkəmə prosesinin həyata keçirilməsi mümkün deyildir.[2]
Bu səbəbdən təqsirləndirilən şəxs barəsində həbs qərarının çıxarılması və onun
tutularaq məhkəməyə təqdim edilməsi məhkəmə prosesi üçün vacib şərtlərdəndir.
Həbs qərarı ilə bağlı vacib məsələlərdən biri də
onun icra edilməsi ilə bağlıdır. Bu mənada üzv Dövlətlərin Məhkəmə ilə birgə əməkdaşlığı
tələb olunur. Belə ki, yerli məhkəmələrdən fərqli olaraq cinayət təhqiqatı və təqsirləndirilən
şəxslərin tutulması üçün BCM polis orqanlarına malik deyildir. Bu səbəbdən həbs
barədə qərarın icrası BCM tərəfindən üzv Dövlətlərdən tələb edilir. Bu zaman
üzv Dövlətlər barəsində həbs qərarı çıxarılmış şəxsi tutaraq məhkəməyə təqdim
etmək öhdəliyi daşıyırlar.[3]
Son dövrlər BCM’in fəaliyyəti ilə bağlı sual
doğuran məsələlərdən biri məhz həbs qərarının icra edilməsi ilə bağlıdır. Belə
ki, BCM tərəfindən həbs qərarı vəzifəli şəxslərə qarşı çıxarıldıqda həmin şəxslərin
immunitet məsələsinə münasibətdə bu qərarın icrası əsas sual doğuran məsələlərdən
biridir. Xüsusilə, BCM tərəfindən son dövrlər prezidentlərə qarşı verilmiş həbs
qərarlarının icrası mübahisəli məsələlərə səbəb olmuşdur. Bu mənada Vladimir
Putinə qarşı verilmiş həbs qərarının icrası zamanı ona məxsus olan immunitetin
tətbiqi necə həyata keçiriləcəkdir? Bu sualın analizinə keçməzdən öncə beynəlxalq
hüquqda immunitet məsələsinə nəzər yetirək
Beynəlxalq Hüquqda İmmunitet Məsələsi
Dövlət rəhbərlərinin və üzvlərinin immunitetə malik
olması beynəlxalq adət hüququnun əsas normalarından biridir. İmmunitetin
mövcudluğu par in parem non habet imperium prinsipinə əsaslanır. Belə
ki, bu prinsipə əsasən suveren bir dövlət digər bir suveren dövlət üzərində öz
yurisdiksiyasın həyata keçirə bilməz. Başqa sözlə, bu prinsip beynəlxalq
hüququn əsas sütunlarından biri olan dövlətlərin bərabərliyinə əsaslanır. Belə
ki, suveren bir dövlətin digər bir suveren dövlət üzərində öz yurisdiksiyasını
həyata keçirə bilməməsi həmin dövlətin rəhbərlərinə və ya üzvlərinə də şamil
edilir. Beynəlxalq hüquqda dövlət rəhbərləri və üzvləri iki cür immunitetə
malik olur: 1) ratione materiae immunitet və 2) ratione personae
immunitet.[4]
Ratione
materiae immunitet
Bu immunitet “funksional” və ya “davranışa əsaslanan”
immunitet kimi də tanınır. Ratione materiae immunitet dövlət məmurları tərəfindən
müstəsna olaraq öz vəzifə səlahiyyətləri daxilində, başqa sözlə dövlət adından,
həyata keçirilən hərəkətləri əhatə edir. Bu səbəbdən ratione materiae
immunitet dövlət məmurlarının şəxsi hərəkətləri ilə müqayisədə heç bir müdafiə
təmin etmir. Həmçinin, bu immunitet növü müvafiq şəxsin vəzifəsinə deyil, onun
tərəfindən dövlət adından həyata keçirilən hərəkətlərə aiddir. Buna əsasən
bildirmək istəyirik ki, ratione materiae immunitet zaman baxımından məhdud
xarakterə malik deyildir, yəni həyata keçirilən hərəkətlər dövlətə aid
edildiyindən həm vəzifədə olan, həm də vəzifəsini tərk etmiş dövlət məmurları
bu immunitetə malikdirlər. Lakin bu immunitet qeyri-məhdud xarakterli deyildir.
Məsələn, beynəlxalq cinayətlərin törədilməsi dövlət tərəfindən həyata keçirilən
hərəkət hesab edilməyindən, bu mənada ratione materiae immunitet heç bir
müdafiə təmin etmir.
Ratione
personae immunitet
Ratione materiae immunitetdən fərqli olaraq bu immunitet beynəlxalq
hüquq çərçivəsində bəzi dövlət məmurlarına (əsasən prezidentlərə, hökumət
başçılarına, xarici işlər nazirlərinə) onların tutduğu vəzifəyə uyğun olaraq və
vəzifədə qaldıqları müddətcə verilir. Buna əsasən ratione personae
immunitet mütləq xarakter daşıyaraq, müvafiq şəxsə həm dövlət adından həyata
keçirilən, həm də şəxsi hərəkətlərinə münasibətdə müdafiə təmin edir. Mütləq
xarakterə malik olduğundan ratione personae immunitet beynəlxalq cinayətlərə
qarşı da müdafiə təmin edir. Lakin ratione materiae immunitetdən fərqli
olaraq bu immunitet zaman baxımından məhdud xarakter daşıyır, başqa sözlə, şəxs
tutduğu vəzifədən ayrıldıqda ratione personae immunitet öz müdafiə
mexanizmini itirir. Buna əsasən, hazırkı bloq yazısında həbs qərarının
icrasının analizi zamanı Vladimir Putinin ratione personae immunitetinə
diqqəti yetiriləcəkdir.
Beynəlxalq
Ədalət Məhkəməsi ratione personae immunitet məsələsi
Ratione personae immunitetlə bağlı beynəlxalq hüquqda baş vermiş ən
məşhur məhkəmə işlərindən biri Konqo Demokratik Respublikası ilə Belçika
arasında Beynəlxalq Ədalət Məhkəməsində baş tutmuş Arrest Warrant
işidir. Beynəlxalq Ədalət Məhkəməsi (“BƏM”) bu iş üzrə qərarında göstərmişdir
ki, beynəlxalq adət hüququ olaraq dövlət və hökumət başçıları, xarici işlər
nazirləri digər ölkələrdə həm mülki, həm də cinayət prosesi üzrə immunitetə
malikdirlər. BƏM’in qərarına əsasən digər ölkələr qarşısında mövcud olan bu
immunitet beynəlxalq cinayətlərin törədildiyi təqdirdə belə öz qüvvəsini
saxlayır.[5]
Bu səbəbdən ratione personae immunitet mütləq immunitet olaraq da
adlandırılır.
Bu qərarında BƏM həmçinin bildirmişdir ki, immunitetin
mövcudluğu törədilən cinayətlər üzrə cəzasızlığı (impunity) özündə
ehtiva etmir.[6]
Buna əsasən, şəxsi cinayət məsuliyyəti
ilə immunitet iki fərqli konsepsiyadır. Belə ki, immunitet prosedural təbiətli
olmasına baxmayaraq, şəxsi cinayət məsuliyyəti substantiv hüququn bir
parçasıdır. Başqa sözlə, şəxsin ratione personae immunitetə malik olması
yurisdiksiyanın həyata keçirilməsi üçün prosedural maneədir, nəticədə, bu
prosedural maneə aradan qalxdıqdan sonra məhkəmənin yurisdiksiyasının həyata
keçirilməsi mümkündür.[7]
BƏM tərəfindən prosedural maneənin aradan qalxması ilə bağlı bir sıra hallar da
nəzərdə tutulmuşdur. Bu hallardan biri (hazırkı bloq yazımızın mövzusu ilə
yaxından bağlıdır) məhz müvafiq iş üzrə yurisdiksiyaya malik olan beynəlxalq
cinayət məhkəmələri üzrə şəxsin cinayət prosesinə cəlb edilməsi ilə bağlıdır.[8]
Bu halla bağlı BƏM tərəfindən BCM’ə istinad edilmiş və bu zaman yurisdiksiyanın
mövcud olduğu təqdirdə immunitetin mövcud olmaması bildirilmişdir.
Beynəlxalq Cinayət Məhkəməsi və İmmunitet
Roma Əsasnaməsi BCM qarşısında immunitetlə bağlı
iki əsas tənzimləmə müəyyən etmişdir. Belə ki, ilk olaraq Roma Əsasnaməsinin
27.2-ci maddəsində göstərilmişdir ki, şəxsin immunitetə malik olması Məhkəmə tərəfindən
yurisdiksiyanın həyata keçirilməsinə mane olmur. Roma Əsasnaməsinin 98.1-ci
maddəsinə görə isə əgər üzv Dövlət tərəfindən həbs qərarının icrası üçüncü Dövlətin
vətəndaşı olan şəxsin immuniteti ilə ziddiyyət təşkil edərsə, Məhkəmə üzv Dövlətdən
həbs qərarının icrasını tələb edə bilməz. İlk baxışdan bu iki maddə arasında
ziddiyyətin mövcud olduğu görünür.
Bir tərəfdən, Əsasnamənin 27.2-ci maddəsi şəxsin Məhkəmə
qarşısında hər hansı immunitetə malik olmadığını bildirsə də, digər tərəfdən
Əsasnamənin 98.1-ci maddəsi şəxsin immunitetə malik olduğu təqdirdə həbs qərarı
üzrə icranın tələb edilməsinin mümkün olmadığını nəzərdə tutur. Lakin Əsasnamənin
98.1-ci maddəsinə diqqətlə nəzər yetirdikdə üçüncü Dövlətə məxsus şəxslərin
immunitetindən bəhs etdiyini görürük. Bununla bağlı olaraq, üçüncü Dövlətə məxsus
olan şəxslər dedikdə Roma Əsasnaməsinin qeyri-üzv Dövlətləri nəzərdə tutulduğu
bildirilir. Başqa sözlə, BCM müqaviləyə əsaslanan qurum olduğundan Roma Əsasnaməsinin
27.2-ci maddəsi qeyri-üzv Dövlətlərin yüksək rütbəli üzvlərinin immunitetinə təsir
göstərmir.
Hər iki maddənin birgə tətbiqi ilə bağlı həmçinin BCM
qarşısında immunitetin mövcudluğu iki müxtəlif səviyyə müəyyənləşdirilmişdir:
1) şaquli və 2) horizontal səviyyə. Belə ki, şaquli səviyyədə immunitet Məhkəmə
qarşısında, horizontal səviyyədə immunitet isə həbs qərarını icra edən üzv dövlət
qarşısında mövcuddur.[9]
Bu səbəbdən Roma Əsasnaməsinin 27.2-ci maddəsi Məhkəmə qarşısında immuniteti
aradan qaldırsa da, Əsasnamənin 98.1-ci maddəsi həbs qərarını icra edən ölkə
qarşısında qeyri-üzv dövlətin yüksək rütbəli şəxsinin immunitetinin
mövcudluğunu bildirir.
Göstərilən maddələrin birgə tətbiqi yuxarıdakı təhlil
çərçivəsində mümkün görünsə də, BCM tərəfindən Əl-Bəşir işində immunitet məsələsi
ilə bağlı mübahisəli qərarlar qəbul edilmişdir. Gəlin, Əl-Bəşir işinə, xüsusən
də, Məhkəmə tərəfindən verilmiş mühabisəli qərarlara daha yaxından nəzər yetirək.
Sudan (Darfur) situasiyası və Əl-Bəşir işi
BCM tərəfindən həbs qərarı verilmiş ilk Prezident
Vladimir Putin deyildir. Məhz, Vladimir Putindən öncə BCM tərəfindən müvafiq
olaraq Sudanın prezidenti Əl-Bəşir və Libyanın prezidenti Muəmmər Qəddafi barədə
də həbs qərarları verilmişdir. Muəmmər Qədaffinin həbs qərarının verilməsindən
qısa müddət sonra öldürülməsi bu qərarının icrası ilə bağlı məsələnin Məhkəmə
qarşısında qalxmasına mane olmuşdur. Lakin Əl-Bəşir barəsində verilmiş həbs qərarının
icrası Məhkəmə qarşısında uzun illər davam edən mübahisələrə səbəb olmuşdur. Bu
mübahisəli məqamlara keçməzdən öncə gəlin Sudan (Darfur) işinin nədən ibarət
olduğuna nəzər yetirək.
21-ci əsrin əvvəllərində Sudanın Darfur regionunda
vətəndaş müharibəsi nəticəsində bir sıra beynəlxalq cinayətlərin törədilməsi
ehtimalını nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (“BMT
TŞ”) tərəfindən 1593 nömrəli Qətnamə ilə Sudandakı situasiya Məhkəməyə təqdim edilmişdir. Sudan Roma
Əsasnaməsinə üzv Dövlət olmadığından Sudanın ərazisində və ya Sudanın vətəndaşları
tərəfindən törədilən beynəlxalq cinayətlər üzrə Məhkəmənin yurisdiksiyası
mövcud olmasa da, Sudan üzrə situasiyanın BMT TŞ tərəfindən təqdim edilməsi Məhkəmə
tərəfindən yurisdiksiyanın həyata keçirilə bilməsinə şərait yaratmışdır. Buna əsasən
2005-ci ildə Məhkəmə tərəfindən ibtidai araşdırma və təhqiqat prosesi
başladılmışdır. İbtidai araşdırmanın nəticəsi olaraq Məhkəmə tərəfindən 2009-cu
ildə o dövrdə Sudanın prezidenti olan Əl-Bəşir barədə həbs qərarı çıxarılmışdır.
Bundan sonra Məhkəmə tərəfindən həm Sudan, həm də Roma Əsasnaməsinə üzv Dövlətlərə
həbs qərarının icrası ilə bağlı əməkdaşlıq tələbi ünvanlanmış və Əl-Bəşirin
tutulub Məhkəməyə təslim edilməsi tələb edilmişdir. Sudan tərəfindən həbs qərarının
icrası imtina edilsə də, digər üzv Dövlətlər üçün Əl-Bəşir məsələsi qarşıdakı
illərdə əsl başağrısına çevrilmişdir.
Problemin ilk
carçıları: Malavi və Çad qərarları
BCM tərəfindən immunitet məsələsi ilə bağlı ilk
mübahisəli qərarlar 2011-ci ildə Malavi[10]
və Çad[11]
ilə bağlı verilmişdir. Belə ki, həmin ildə Əl-Bəşir tərəfindən Roma Əsasnaməsinə
üzv olan - Malavi və Çada səfər edilmişdir. Bununla bağlı olaraq, BCM tərəfindən
həbs qərarının icrası tələb edilsə də, nə Malavi, nə də Çad tərəfindən Əl-Bəşir
həbs edilərək Məhkəməyə təqdim edilmişdir. BCM tərəfindən hər iki ölkə üzrə Roma
Əsasnaməsində nəzərdə tutulan əməkdaşlıq etmək öhdəliyinin pozulması ilə bağlı
qərar qəbul etmişdir. Malavi və Çad tərəfindən Əl-Bəşirin ratione personae
immunitetə malik olduğu bildirilsə də, Məhkəmə tərəfindən qərara alınmışdır ki,
beynəlxalq məhkəmələr qarşısında ratione personae immunitetin mövcud
olmaması barədə beynəlxalq adət hüququ mövcuddur.[12]
Bu adət hüququnun mövcudluğu ilə bağlı Məhkəmə keçmiş beynəlxalq cinayət məhkəmələrinə
istinad edilmişdir (Nürenberq Tribunalı, Tokyo Tribunalı, Yuqoslaviya və Rvanda
işləri üzrə Beynəlxalq Cinayət Tribunalları, Syerra-Leone üzrə Xüsusi Məhkəmə və
s.). BCM’in Malavi və Çad qərarları beynəlxaq cinayət hüququnda aşağıdakı göstərilənlərə
əsasən ən çox tənqid olan qərarlardan hesab olunur:
a)
BCM
tərəfindən beynəlxalq məhkəmələr qarşısında immunitetin mümkünsüzlüyü barədə
beynəlxalq adət hüququnun mövcud olması barədə qərar verilməsi üzv Dövlətlərlə
yanaşı, qeyri-üzv Dövlətlərin də bu qaydaya tabe olmasına səbəb olur. Xüsusilə,
beynəlxalq adət hüququnun mövcudluğu ilə bağlı keçmiş beynəlxalq cinayət məhkəmələrinə
istinad edilməsi əsassızdır. Belə ki, BCM tərəfindən istinad edilən məhkəmələrin
Əsasnamələri şəxsi cinayət məsuliyyəti ilə bağlı tənzimləmə nəzərdə tutmuşdur,
immunitet ilə bağlı tənzimləmə göstərilməmişdir.[13]
Həmçinin, bu məhkəmələr üzrə immunitetin mümkünsüzlüyü tələbi yalnızca
iştirakçı ölkələrə şamil edilmişdir.[14]
Beləliklə, BCM tərəfindən bu cür adət hüququnun olması ilə əsaslandırma əslində irəli sürülə bilməmişdir;
b)
Daha
sonra BCM tərəfindən şaquli və horizontal səviyyədə immunitet bölgüsü nəzərdən
qaçırılmışdır. Belə ki, BCM tərəfindən immunitetin mümkünsüzlüyü barədə beynəlxalq
adət hüququnun mövcudluğu barədə verilmiş qərarı Roma Əsasnaməsinin 98.1-ci maddəsinin tətbiqin
mümkünsüz edərək beynəlxalq hüququn effet utile prinsipi ilə ziddiyyət təşkil
edir.
Növbəti
dayanacaq: Konqo Demokratik Respublikası
Malavi və Çad qərarlarının verilməsin 3 il sonra Əl-Bəşir
tərəfindən bu dəfə Roma Əsasnaməsinə üzv olan digər Afrika ölkəsinə - Konqo
Demokratik Respublikasına (“KDR”) – səfər edilmişdir. Malavi və Çad kimi KDR tərəfindən
də Əl-Bəşirin immunitetə malik olması bildirilərək həbs qərarı icra edilməmişdir.
BCM tərəfindən KDR ilə bağlı verilən qərarda da Əl-Bəşirin immunitetə malik
olmadığı göstərilsə də, BCM bu dəfə qərarı müxtəlif yolla əsaslandırmışdır. Belə
ki, Məhkəmə beynəlxalq adət hüququ əsaslandırmasından bir növ imtina edərək, diqqətini
BMT TŞ tərəfindən verilmiş 1593 nömrəli Qətnaməyə yönəltmişdir. Verilən qərara əsasən,
Məhkəmə göstərmişdir ki, Roma Əsasnaməsi üzv Dövlətlərin yüksək rütbəli rəhbərləri
üzrə immunitetin mövcudluğunu aradan qaldırsa da, qeyri-üzv Dövlətlərə münasibətdə
bu funksiyaya sahib deyildir. Beləliklə, BCM şaquli və horizontal səviyyədə
immunitet bölgüsünün mövcudluğunu təsdiq etmişdir. Lakin Məhkəmənin mövqeyinə əsasən
Sudan işi üzrə situasiyanın BMT TŞ Qətnaməsi üzrə təqdim edilməsi Əl-Bəşirin
immunitet tələbini mümkünsüz edir. Belə ki, 1593 nömrəli Qətnamədə Sudanın həbs
qərarlarının icrası üzrə Məhkəmə ilə əməkdaşlıq etmək öhdəliyi dolayı yolla
Əl-Bəşirin immunitet tələbini aradan qaldırmışdır.[15]
Cənubi Afrika
Respublikası
KDR qərarından daha 3 il sonra bu problemlə üzləşən
növbəti Afrika ölkəsi Cənubi Afrika Respublikası (“CAR”) olmuşdur. Əl-Bəşirin bu
dəfəki səfərində də həbs qərarı icra edilməmişdir. BCM tərəfindən CAR’la bağlı
qərarında KDR qərarında olduğu kimi BMT TŞ Qətnaməsinə əsaslanılsa da, bu əsaslandırma
bir qədər fərqli həyata keçirilmişdir. Məhkəmənin bu dəfəki mövqeyinə əsasən, BMT
TŞ’nin 1593 nömrəli Qətnaməsi Sudanı Roma Əsasnaməsinə üzv olan ölkə vəziyyətinə
gətirir, nəticədə, Roma Əsasnaməsinin 27.2-ci maddəsi Sudana tətbiq edilərək
Əl-Bəşirin immunitetə malik olması faktını aradan qaldırır.[16]
Son
dayanacaq: İordaniya
BCM’in
həbs qərarının icrası ilə bağlı son qərarı İordaniya ilə bağlı olmuşdur.
Keçmişdə olduğu kimi İordaniya da Əl-Bəşirin rəsmi səfəri zamanı həbs qərarını
icra etməmiş və bununla BCM tərəfindən əməkdaşlıq öhdəliyinin pozulması ilə
bağlı qərarın verilməsinə gətirib çıxarmışdır. BCM tərəfindən İordaniya ilə
bağlı verdiyi qərarda immunitetin mövcud olmaması ilə bağlı əsaslandırması
hüquq dünyasında yenidən ajitasiyaya səbəb olmuşdur. Belə ki, KDR və CAR qərarları
üzrə əsaslandırmalarından imtina edərək BCM Malavi və Çad əsaslandırmasına yenidən
qayıtmışdır. Başqa sözlə, BCM beynəlxalq məhkəmələr qarşısında immunitetin
mümkünsüzlüyü barədə beynəlxalq adət hüququnun mövcudluğu ilə bağlı qərar qəbul
etmişdir.[17]
Bu cür tənqid olunmuş əsaslandırma yoluna BCM’in yenidən qayıtması hüquq
ictimaiyyəti arasında böyük sual doğursa da, Məhkəmənin hazırkı mövqeyi məhz bu
yöndədir.
Nəticə.
Bəs İndi Nə Olacaq?
Əl-Bəşir işi üzrə yuxarıda göstərilənlərə əsasən müəyyən
edirik ki, BCM tərəfindən hazırkı yanaşma beynəlxalq məhkəmələr qarşısında
immunitetin mümkünsüzlüyü barədə beynəlxalq adət hüququnun mövcud olmasıdır.
Buna əsasən, Vladimir Putinlə bağlı həbs qərarı Roma Əsasnaməsinə üzv Dövlətlər
tərəfindən icra edilməlidir. Başqa sözlə, üzv Dövlətlər tərəfindən Vladimir
Putinin immunitetə malik olması barədə əsaslanma BCM tərəfindən qəbul edilməyəcək. Həmçinin
bildirmək istəyirik ki, Ukrayna situasiyası Məhkəməyə Prokuror tərəfindən təqdim
edildiyindən Vladimir Putinin immuniteti ilə bağlı BMT TŞ Qətnaməsi üzrə əsaslandırma
yolu mümkün deyildir. Beləliklə, immunitetin mövcud olmaması ilə bağlı yeganə
yol beynəlxalq adət hüququ üzrə əsaslandırmadır.
Əl-Bəşir işində olduğu kimi qarşıdakı aylarda (illərdə)
Vladimir Putin üzrə həbs qərarının üzv Dövlətlər tərəfindən icra edilməsi məsələsi
aydınlıq qazanacaqdır (Vladimir Putin həmin ölkələrə rəsmi səfərlərdən çəkinmədiyi
təqdirdə). Bununla bağlı bildirmək istəyirik ki, yaxın aylarda Cənubi Afrika
Respublikasının həbs qərarının icrası problemi ilə yenidən qarşılaşmaq ehtimalı
vardır. Belə ki, 15-ci BRICS summiti bu ilin avqustun 22-24 tarixləri arasında
CAR’da baş tutacaqdır.[18]
Bu summit çərçivəsində Vladimir Putinin iştirakı böyük maraq doğurur. Lakin
Əl-Bəşir praktikasına əsasən bildirmək istəyirik ki, Vladimir Putinin summitdə
iştirak etdiyi təqdirdə CAR tərəfindən həbs qərarının icrası ehtimalı çox
azdır. Bu səbəbdən BCM tərəfindən immunitet məsələsi ilə bağlı yeni qərarın
verilməsi ehtimalı vardır. Qərarın verilməsi halında Məhkəmənin mövqeyi hazırda
maraq doğurur.
Vladimir Putinin məşhur deyimi kimi bu məsələdə ilk
zərbə BCM tərəfindən gəlmişdir, lakin bu zərbənin nə qədər effektiv olduğun
zaman göstərəcək...
[1] Beynəlxalq
Cinayət Məhkəməsi, Roma Əsasnaməsi, Maddə 58.1 https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf
[2] Roma Əsasnaməsi, Maddə 63.1
[3] Roma Əsasnaməsi, Maddə 86 və Maddə 87(a)
[4] Seventh report
on immunity of State officials from foreign criminal jurisdiction, by
Concepción Escobar Hernández, Special Rapporteur, A/CN.4/729 https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N19/093/83/PDF/N1909383.pdf?OpenElement
[5] Case Concerning
the Arrest Warrant of 11 April 2000, Democratic Republic of Congo v Belgium,
Judgment of 14 February 2002, para. 54 (“Arrest Warrant”) https://www.icj-cij.org/sites/default/files/case-related/121/121-20020214-JUD-01-00-EN.pdf
[6] Arrest Warrant,
para. 60
[7] Arrest Warrant,
para. 60
[8] Arrest Warrant,
para. 61
[9] The Immunity of
Heads of States of Nonparties in the Early Years of the ICC, https://www.cambridge.org/core/journals/american-journal-of-international-law/article/immunity-of-heads-of-states-of-nonparties-in-the-early-years-of-the-icc/86BFFB933932352B59E851556F8D4F5E#fn12
[10] International
Criminal Court, Pre-Trial Chamber I, Decision Pursuant to Article 87(7) of the
Rome Statute on the Failure by the Republic of Malawi to Comply with the
Cooperation Requests Issued by the Court with Respect to the Arrest and
Surrender of Omar Hassan Ahmad Al Bashir, No.: ICC-02/05-01/09 (“Malawi
Decision”) https://www.icc-cpi.int/sites/default/files/CourtRecords/CR2011_21722.PDF
[11] International
Criminal Court, Pre-Trial Chamber I, Decision pursuant to article 87(7) of the
Rome Statute on the refusal of the Republic of Chad to comply with the
cooperation requests issued by the Court with respect to the arrest and
surrender of Omar Hassan Ahmad Al Bashir, No.: ICC‐02/05‐01/09
(“Chad Decision"), https://www.icc-cpi.int/sites/default/files/CourtRecords/CR2012_04203.PDF
[12] Malawi
Decision, para. 36
[13] The Immunity of Heads of States of Nonparties in the Early
Years of the ICC, https://www.cambridge.org/core/journals/american-journal-of-international-law/article/immunity-of-heads-of-states-of-nonparties-in-the-early-years-of-the-icc/86BFFB933932352B59E851556F8D4F5E#fn12
[14] Dapo Akande,
The Jurisdiction of the International Criminal Court over Nationals of
Non-Parties: Legal Basis and Limits, 1 Journal of International Criminal
Justice 618 (2003), 628-631
[15] International
Criminal Court, Pre-Trial Chamber II, Decision on the Cooperation of the
Democratic Republic of the Congo Regarding Omar Al Bashir’s Arrest and
Surrender to the Court, No.: ICC-02/05-01/09, para. 29 https://www.icc-cpi.int/sites/default/files/CourtRecords/CR2014_03452.PDF
[16] International
Criminal Court, Pre-Trial Chamber II, Decision under article 87(7) of the Rome
Statute on the non-compliance by South Africa with the request by the Court for
the arrest and surrender of Omar Al-Bashir, No. ICC-02/05-01/09, para. 91 https://www.icc-cpi.int/sites/default/files/CourtRecords/CR2017_04402.PDF
[17] International
Criminal Court, Appeals Chamber, Judgment in the Jordan Referral re Al-Bashir
Appeal, No. ICC-02/05-01/09 OA2, para. 103 https://www.icc-cpi.int/sites/default/files/CourtRecords/CR2019_02593.PDF
