Rembrandt hələ də aramızdadır: Yeni Rembrandtın müəllif hüquqları perspektivindən analizi




“Süni intellekt güman ki, bəşəriyyətin başına gələn ya ən yaxşı, ya da ən pis şeydir.”

Stephan Hawking

Giriş

Süni intellektin sürətli inkişafı dünya ictimaiyyətinə bir çox sahələrdə yeniliklər həyata keçirməyə imkan verir. Lakin bu cür inkişaf üstünlüklərlə yanaşı bir sıra mübahisəli məsələlərə də səbəb olur.

Məşhur Holland rəssamı Rembrandt van Rijnin ölümündən 400 il sonra 2016-cı ildə dünyaya yeni Rembrandt təqdim olundu. Belə ki, ING və J.Walter Thompson şirkətlərinin başçılığı ilə Rembrandtın rəsm üslubu və texnikasını təhlil edərək yeni sənət əsəri ərsəyə gətirə bilən proqram təminatının yaradılması istiqamətində layihəyə başlanılmışdır. Bu məqsədlə, həmin şirkətlər tərəfindən mühəndislik, tarix, incəsənət və digər sahələr üzrə yüzlərlə ekspert bir araya gətirilərək 350-dən çox rəsm əsəri və 150 giqabaytlıq qrafiki əsərlər analiz edilmiş, bunun nəticəsində Rembrandtın incəsənət texnikasını və üslubunu müəyyənləşdirən və yeni rəsm əsəri yarada bilən proqram təminatı hazırlanmışdır.

Süni intellekt tərəfindən həmin rəsm əsəri ərsəyə gətirildikdən sonra, hüquq ictimaiyyəti arasında bu rəsm əsəri üzərində müəllif hüquqlarının kimə məxsus olması ilə bağlı mübahisələr durmadan artmışdır. Bir qrup müəlliflər süni intellektin müəllif hüquqları subyektliyini qəbul etməsədə, digər qrup bu subyektliyin lehinə mövqe tutmuşdur. Bugünkü bloq yazımızda məhz süni intellekt və müəllif hüquqları arasındakı əlaqəni araşdırmağa çalışacayıq.

1. Süni intellekt sistemlərinin inkişaf prosesi

Süni intellekt sistemlərinin inkişaf prosesindən bəhs etməzdən öncə bu sistemlərin nəyə deyildiyinə nəzər yetirək. Süni intellekt dedikdə tanıma, qərar vermə, öyrənmə, kommunikasiya kimi xüsusiyyətlərə malik insan intellektinə əsaslanan tapşırıqları yerinə yetirə bilən sistemlər nəzərdə tutulur. Bu tərifdən göründüyü kimi, süni intellekt sistemləri insan intellektinin əsas xüsusiyyətlərinə malikdirlər və bu, onlara müstəqil fəaliyyət göstərmək imkanı verir. Lakin bu cür keyfiyyətlərə malik süni intellekt sistemləri son dövrlərdə yaradılmağa başlanılmışdır. Belə ki, son dövrlərə qədər ekspert sistemləri adlandırılan kvazi-süni intellekt sistemləri mövcud olmuşdur. Adından da göründüyü kimi bu sistemlər öyrənmə, kreativ və ya təxmin edilməyən nəticələr yarada bilmə bacarığına malik olmayaraq tam müstəqil fəaliyyət göstərə bilmirdilər. Kvazi-süni intellekt sistemləri yalnızca onların proqramlaşdırma bazasına yüklənmiş məlumatlardan istifadə edərək əvvəlcədən müəyyənləşdirilmiş nəticələrə səbəb olurlar.

Kvazi-süni intellekt sistemlərinin yaratdığı nəticələr əqli mülkiyyət hüququ, xüsusən də, müəllif hüquqları baxımından mübahisəli məsələlərə yol açmır. Bu sistemlər tam müstəqil olmadığına və yaradıcı nəticələr doğurmadığına görə həmin sistemlərin müəllif hüquqlarına malik ola bilməsi məsələsi də ortaya çıxmır.

Lakin son dövrlər “neyron sistemləri” adlandırılan tam müstəqil süni intellekt sistemləri yaradılmağa başlanılmışdır. Bu sistemlər məhz qəbul etdikləri informasiyalar arasında oxşarlıqlar və əlaqələri müəyyənləşdirərək müstəqil fəaliyyət göstərirlər. Bunun nəticəsində neyron sistemləri adlandırılan bu süni intellekt sistemləri əvvəlcədən təxmin edilməsi mümkün olmayan nəticələr yarada bilirlər. Yeni Rembrandt məhz bu sistemlərdən biridir. Belə ki, yeni Rembrandt proqramlaşdırma sisteminə yüklənmiş informasiyanı analiz edərək yeni rəsm əsəri yaratmışdır. Beləliklə, kvazi-süni intellekt sistemlərindən fərqli olaraq neyron sistemlərinin müstəqil şəkildə fəaliyyət göstərərək yaradıcı nəticələr yarada bilməsi müəllif hüquqlarının kimə məxsus olması ilə bağlı mübahisəli məsələlərə səbəb olur.

2. Süni intellekt və müəllif hüquqları

Süni intellekt və müəllif hüquqlarının qarşılıqlı əlaqəsi son dövrlərdə ən mübahisəli müzakirə mövzularından birinə çevrilmişdir. Bəziləri süni intellektin müəllif hüquqlarına malik ola biləcəyini irəli sürsə də, digər bir kəsim bunu təkzib edir. Bəs hər iki tərəf öz mövqelərini necə əsaslandırırlar? Bu sualı araşdırmamışdan öncə, gəlin müəllif hüquqlarının nəyə deyildiyinə nəzər yetirək.

Müəllif hüquqlarının tətbiqi və hüquqi tənzimlənməsi orta əsrlərə dayanır. Belə ki, Böyük Britaniyada 1710-cu ildə qəbul edilmiş “Anne Statutu” müəllif hüquqlarının tənzimlənməsində mühüm rol oynamışdır. Müəllif hüquqlarının müasir hüquqi bazası isə 1886-cı ildə qəbul edilən Bern Konvensiyası olmuşdur. Hal-hazırda ayrı-ayrı ölkələrin müəllif hüquqlarının tətbiqi ilə bağlı qanunvericiliklərində bir sıra fərqlər mövcud olsa da, əsas fundamental prinsiplər demək olar ki, hər birində öz əksini tapmışdır. Buna misal olaraq, müəllif hüquqlarının ideya üzərində deyil, ideyanın ifadə forması üzərində olması, orijinallıq kriteriyasının mövcud olması, fiksasiya şərtinin olması və s. misal göstərə bilərik. Uzun müddət ərzində inkişaf yolu keçən müəllif hüquqlarının müasir dövrdə yeni və ya sonrakı Rembrandt kimi süni intellekt sistemlərinə tətbiqi sual doğurur. Gəlin bu istiqamətdə müəlliflərin arqumentlərinə nəzər yetirək.

2.1. Hər bir uğurlu süni intellektin arxasında bir insan dayanır

Yuxarıda da bildirdiyimiz kimi süni intellekt və müəllif hüquqlarının qarşılıqlı əlaqəsi ilə bağlı bir qrup müəlliflər süni intellektin subyektlik məsələsinin əleyhinə mövqe tuturlar. Bu müəlliflər məhz “hər bir uğurlu süni intellektin arxasında bir insan dayanır” devizini rəhbər tutaraq süni intellekt tərəfindən yaradılan əsərlər və ya nəticələr üzərində müəllif hüquqlarının süni intellektə deyil, süni intellektin arxasında dayanan insana aid olduğunu bildirirlər. Bu müəlliflərin fikrincə müəllif hüquqları əsasən süni intellektin proqram təminatını ərsəyə gətirən şəxs/şəxslərə aid olacaqdır.

2.1.1. Süni intellekt və əqli mülkiyyət hüquqlarının mövcud olması ilə bağlı nəzəriyyələr

Süni intellektin müəllif hüquqlarının subyekti ola bilməməsi faktını dəstəkləyən müəlliflər öz arqumentlərini ilk olaraq əqli mülkiyyət hüquqlarının mövcudluğu ilə bağlı olan nəzəriyyələrlə əsaslandırırlar. Bu müəlliflərin fikrincə, süni intellektin müəllif hüquqlarına malik olması əqli mülkiyyət hüququnun mövcudluğunu şərtləndirən nəzəriyyələrin (hüququn iqtisadi analizi, şəxsiyyət və Lokun Əmək nəzəriyyələri) məqsədlərinə və təbiətinə ziddir.

Hüququn iqtisadi analizi – Bu nəzəriyyə keçən əsrin ortalarından etibarən Ronald Coase, Guido Calabresi, Richard Posner kimi alimlər tərəfindən hüquqa yeni baxış açısı gətirmişdir. Teoriyaya əsasən müəlliflərin yaradıcılıq məhsulları üzərində müstəsna hüquqların verilməsi gələcəkdə yeni əsərlərin yaradılması üçün həvəsləndirmə məqsədi daşıyır. Müstəsna müəllif hüquqlarının mövcud olmadığı təqdirdə müəlliflərin yaradıcılıq məhsulları digər şəxslər tərəfindən istənilən formada qanunsuz və icazəsiz istifadə edilə bilər. Bu isə öz növbəsində müəllifləri gələcəkdə yeni yaradıcılıq əsərlərinin yaradılması istiqamətində həvəsdən sala bilər. Beləliklə, bu nəzəriyyəyə əsasən müəllif hüquqları müəlliflər üçün həvəsləndirici tədbir rolunu oynamaqla yeni yaradıcılıq əsərlərinin yaradılması üçün təminat funksiyası daşıyır.  

Bununla əlaqədar, süni intellektin müəllif hüquqlarına malik ola bilməməsini dəstəkləyən müəlliflər bildirirlər ki, “həvəsləndirmək” və ya “ruhdan düşmək” kimi məfhumlar yalnızca insana məxsus xüsusiyyətlərdir. Süni intellektin yeni yaradıcılıq əsərləri yaratması üçün həvəsləndirici tədbirə ehtiyacı yoxdur. Belə ki, proqramlaşdırma sisteminə əsaslanan süni intellektlər digər şəxslər tərəfindən əsərlərinin icazəsiz istifadə edilib-edilməməsindən asılı olmayaraq öz fəaliyyətlərini əvvəlki qaydada davam edəcəkdir. Bu səbəbdən, süni intellektləri üçüncü şəxslərin qanunsuz əməllərindən qorumağa ehtiyac yoxdur. Əksinə, bu şəraitdə müstəsna müəllif hüquqlarının olması digər şəxslər tərəfindən mövcud  yaradıcılıq əsərlərinə əlçatımlığı məhdudlaşdıraraq mənfi rol oynayacaqdır. Beləliklə, süni intellektin müstəsna əqli mülkiyyət hüquqlarına malik olması faktı bu sistemin özünün mövcudluğunu sual altına qoyur.

Şəxsiyyət və Lokun əmək nəzəriyyəsi – Əqli mülkiyyət hüquqlarının mövcudluğunu şərtləndirən daha bir teoriya Şəxsiyyət və Lokun Əmək nəzəriyyəsidir. Bu iki teoriya bir-birindən müstəqil olsa da, hər ikisi bir-birilə çox əlaqədardır. Şəxsiyyət nəzəriyyəsinə əsasən yaradıcılıq əsəri müəllifin şəxsiyyəti və ya fərdiliyi ilə sıx bağlıdır və bu səbəbdən müəllifin şəxsiyyət və fərdiyilini tanımaq üçün ona müstəsna müəllif hüquqları verilməlidir. Con Lok tərəfindən irəli sürülən  Əmək nəzəriyyəsinə əsasən isə müəllif hüquqları müəllif tərəfindən çəkilən səy və ya zəhmətin nəticəsidir. Gördüyünüz kimi hər iki teoriya müəyyən mənada müəllifin dəyərləndirilməsi ilə əlaqədardır.

Bu nəzəriyyələrlə bağlı irəli sürülən təkliflərdən biri də odur ki, süni intellektin həvəsləndirmə tədbirinə ehtiyacı olmadığı kimi onların şəxsiyyət və ya fərdiliyinin dəyərləndirilməsinə də ehtiyac yoxdur. Belə ki, bu müəlliflərin fikrincə şəxsiyyət və fərdilik kimi keyfiyyətlər yalnız insana xas olduğuna görə süni intellekt belə bir insani keyfiyyətə malik deyil.

2.1.2. Hüquqların icrası və məsuliyyət məsələsi

Süni intellektin müəllif hüquqlarına malik ola bilməməsini dəstəkləyən müəlliflər tərəfindən irəli sürülən daha bir arqument hüquqların icrası və məsuliyyət məsələsidir. Bu arqumentə əsasən süni intellekt müəllif hüquqlarına sahib olsa belə həmin hüquqların icrasını həyata keçirmək iqtidarından uzaqdır. Başqa sözlə, süni intellekt hüquq qabiliyyətinə malik olsa da, fəaliyyət qabiliyyətinə malik deyildir. Bu səbəbdən icrası mümkün olmayan hüquqların mövcud olması faktı heç bir məna kəsb etmir. Hüquqların icrası kimi məsuliyyət məsələsi də eyni problem ilə qarşılaşır. Süni intellekt tərəfindən digər şəxslərin hüquqları pozulduqda süni intellektin məsuliyyətə cəlb edilməsi məsələsi böyük sual doğurur. Beləliklə, hüquqların icrası və məsuliyyət məsələsi süni intellektin müəllif hüquqlarına subyektliyini istisna edir.

2.1.3. Müəllif dedikdə insan nəzərdə tutulur

Digər bir arqument isə müəllif anlayışının yalnızca insan məfhumunu ehtiva etdiyi ilə bağlıdır. Arqumentə əsasən müəllif hüquqlarının subyekti yalnızca insan olmalıdır. Bu yanaşma tərzi həmçinin Böyük Britaniya və Amerika kimi ölkələrin müəllif hüquqları ilə bağlı qanunvericiliyində əks olunmuşdur. Böyük Britaniyada 1988-ci ildə qəbul edilmiş Müəllif hüquqları, Sənaye Obyektləri və Patent Aktına əsasən müəllif yaradıcılıq əsərinə münasibətdə insan və ya şəxs deməkdir. Həmçinin, Amerikanın Müəllif hüququ ilə qorunan əsərlərin yeni texnoloji istifadəsi üzrə Milli komissiyası müasir texnologiyaların müəllif hüquqları qanunvericliyinə təsiri ilə bağlı öz reportunda nəzərdə tutmuşdur ki, müasir texnologiyalar yaradıcılıq əsərlərinin yaradılmasında sadəcə vasitəçi rolunu oynadığına görə müəllif hüquqları sadəcə insana məxsusdur.

2.2. Yoxsa süni intellekt artıq özü bir insandır

İndi isə süni intellektin müəllif hüquqlarına malik olmasını dəstəkləyən müəlliflərin arqumentlərinə nəzər yetirək. Bu müəlliflərin fikrincə, süni intellektin müəllif hüquqları subyektliyinin əleyhinə olan müəlliflər aşağıdakı məsələləri nəzərdən qaçırırlar.

2.2.1. Hər bir uğurlu süni intellektin arxasında dayanan insanı tapmaq məsələsinin çətinliyi

Süni intellektin arxasında dayanan insanın tapılması praktiki olaraq hər zaman asan deyildir. Belə ki, süni intellektin yaradılması mərhələsində onlarla hətta yüzlərlə şəxsin prosesə cəlb edilməsi və bu şəxslərin hər birinin mühüm rol oynaması müəllif hüquqlarının kimə/kimlərə məxsus olmasını müəyyən etməyi çətinləşdirir. Beləliklə, süni intellektin arxasında dayanan insanı tapmaq asan görünsə də, reallıqda bir çox çətinliklərə səbəb olur.

2.2.2. O zaman pianino ilə bəstələnən musiqilərin müəllif hüququ pianinonu ixtira edən şəxsə məxsusdur?

Süni intellektin müəllif hüquqları subyektliyi ilə bağlı irəli sürülən ən əsas arqumentlərdən biri süni intellektin malik olduğu proqram təminatı üzərində müəllif hüquqlarını süni intellekt tərəfindən yaradılan əsərlər üzərində olan müəllif hüquqlarından fərqləndirməkdir. Arqumentə əsasən süni intellektin müəllif hüquqlarının subyektliyini inkar edənlər bu fərqləndirməni nəzərdən qaçırırlar.  Belə ki, süni intellektin yaratdığı əsərlər üzərində müəllif hüquqlarının süni intellekt sistemini yaradan şəxsə aid olması faktı müəllif hüquqlarının əsas şərtlərinə ziddir.

Yuxarıda göstərdiyimiz kimi müəllif hüquqlarının verilməsi üçün yaradılan əsər orijinal fəaliyyətin nəticəsi olmalıdır. Süni intellektlər tam müstəqil fəaliyyət göstərdiyindən və təxmin edilməsi mümkün olmayan nəticələr yaratdığından orijinallıq süni intellekt sistemini yaradan şəxsə deyil, süni intellektin özünə aiddir. Bu arqumenti daha da aydın əsaslandırmaq üçün müəlliflər belə bir analogiya irəli sürürlər. Analogiyaya əsasən süni intellekt sistemini yaradan şəxs və süni intellekt sisteminin yaratdığı əsər arasındakı əlaqə pianinonu ixtira edən şəxs və pianinodan istifadə edərək yeni musiqi əsəri ərsəyə gətirən bəstəkar arasındakı əlaqəyə bənzəyir. Belə ki, müəllif hüquqları pianinonu yaradan şəxsə deyil, pianinodan istifadə edib əsər yaradan bəstəkara aid olduğundan süni intellekt tərəfindən yaradılan əsərlər üzərində də müəllif hüquqları süni intellekti yaradan şəxsə deyil, süni intellektin özünə aid olmalıdır.

2.3. Süni intellektin arxasında həm bir insan vardır, həm də süni intellekt özü bir insandır

Yuxarıda göstərilənlərə əsasən müəyyən etmək olar ki, hər iki tərəfin arqumentlərinin həm müsbət, həm də çatışmayan tərəfləri vardır. Bu arqumentlərə qarşı irəli sürülən ən əsas alternativlərdən biri Work Made For Hire doktrinasının tətbiq edilməsidir. Bu doktrinaya əsasən, işə götürənin göstərişi və nəzarəti altında fəaliyyət göstərərək işçi tərəfindən ərsəyə gətirilən əsərlər üzərində müəllif hüquqları işə götürənə məxsusdur. Gördüyünüz kimi bu doktrina müəllif hüquqları ilə bağlı ümumi qaydaya istisna təşkil edir. Beləliklə, bu doktrinaya əsasən süni intellekt işə götürənin göstərişi və nəzarəti altında fəaliyyət göstərən işçi rolunu oynayaraq onun tərəfindən yaradılan əsərlər üzərində müəllif hüquqları süni intellektin fəaliyyətini başladan və ona nəzərət edən şəxsə və ya quruma aid olmalıdır. Doktrinanın tətbiqi nəticəsində balanslı mövqe tutularaq həm süni intellektin kreativ yaradıcılığı tanınır, həm də müəllif hüquqları süni intellektin fəaliyyətini başladan və ona nəzarət edən şəxsə və ya quruma aid edilərək hüquqların icrası və məsuliyyət kimi məsələlər öz həllini tapmış olur.

Nəticə

Gördüyünüz kimi müasir texnologiyaların inkişafı özü ilə birlikdə yeniliklərlə yanaşı, hüquqi problemləri də gətirir. Bu problemlərdən biri də süni intellekt sistemləri tərəfindən yaradılan əsərlər üzərində müəllif hüquqlarının kimə məxsus olması məsələsidir. Məhz 2016-cı ildə Yeni Rembrandtın müasir dünyamıza tanıdılması bu məsələnin daha çox müzakirə mövzusuna çevrilməsinə səbəb olmuşdur. Problemin həlli üçün müxtəlif arqumentlər irəli sürülsə də, hələ də yekun bir həll yolu tapılmamışdır. Süni intellekt isə bu həll yolunun tapılmasın gözləmədən sürətlə inkişaf etdiyinə görə gələcək daha çox Yeni Rembrandtlar gətirəcək. Biz isə bunlara hazırıqmı? Görünən odur ki yox...



İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Shlomit Yanisky Ravid, Generating Rembrandt: Artificial Intelligence, Copyright, and Accountability in the 3A Era--The Human-like Authors are Already Here- A New Model”, 2017 Mich. St. L. Rev. 659 (2017)

2. Steve Schlackman, “Who Holds the Copyright In the AI Created Art”, dərc olunmuşdur: 29 Sentyabr 2020, https://artrepreneur.com/journal/the-next-rembrandt-who-holds-the-copyright-in-computer-generated art/#:~:text=The%20Next%20Rembrandt%20was%20not,originated%20by%20a%20human%20author (son baxış tarixi: 3 Dekabr 2022-ci il)

3. Andres Guadamuz, “Should Robot Artists Be Given Copyright Protection”, dərc olunmuşdur: 26 İyun 2017, https://theconversation.com/should-robot-artists-be-given-copyright-protection-79449 (son baxış tarixi: 4 Dekabr 2022-ci il)

4. Andres Guadamuz, WIPO Magazine, “Artificial Intelligence and Copyright”, dərc olunmuşdur: Oktyabr 2017, https://www.wipo.int/wipo_magazine/en/2017/05/article_0003.html (son baxış tarixi: 2 Dekabr 2022-ci il)

5. The Next Rembrandt, https://www.nextrembrandt.com/ (son baxış tarixi: 4 Dekabr 2022-ci il)



Bloqda paylaşılan məqalələr yalnız Müəllifin fikirlərini əks etdirir və hər hansı şəkildə hüquqi məsləhət xarakteri daşımır. Hüquqi məsələlərinizlə bağlı hüquqşünas və ya vəkillə məsləhətləşməyiniz tövsiyə olunur.

1 Comments

Əvvəlki yazı Sonrakı yazı