Vergi Cənnətləri: Qum, Dəniz, Günəş və Sıfır Vergi

Giriş

Vergi ödəyicilərinin başlıca istəkləri mümkün olduğu qədər az vergi ödəyərək gəlirlərini daha da artırmaqdır. Hal-hazırda müəssisələr vergidən yayınaraq inzibati və cinayət məsuliyyəti ilə üzləşməkdənsə, qanunvericiliyin tələblərinə əməl edərək vergiləri ən uyğun şəkildə minimuma endirməyə çalışırlar. Çünki bu yol ilə zahirdə hər şey qanuni görünsə də, ödənilməli olan vergi büdcəyə ödənilmir. Məsələn, Jef Bezos 2006 və 2018-ci illərdə əldə etdiyi gəlirdən daha çox investisiya etməklə federal gəlir vergisini ödəməkdən azad olmuşdur.[1] Halbuki həmin illər ərzində onun qazancı milyard dollarla ölçülürdü.

Qanuni yol ilə vergidən yayınmağın ən bilinən və effektiv üsullarından biri "Vergi Cənnətləri" kimi tanınan ölkələrdə korporasiyalar yaratmaqla fəaliyyət göstərməkdir.

Vergi cənnətləri haradır və necə yarandılar?

Vergi cənnətləri və ya ofşor maliyyə zonaları xarici investorların olduqca aşağı, hətta sıfır dərəcə ilə vergi ödədiyi ölkələrdir. Bu termindən daha çox 1950-ci illərdə istifadə edilməyə başlansa da, ofşor zonaların ilk toxumları Birinci Dünya Müharibəsindən sonra 1920-ci illərdə İsveçrənin rəhbərlik etdiyi bir neçə kiçik ölkənin özlərini “vergi cənnəti” adlandırması ilə atılmışdır.[2]

Göründüyü kimi “vergi cənnəti” termini post-müharibə dövrlərində daha çox aktuallıq qazanmağa başlamışdır. Bu isə onunla əlaqəlidir ki, iri iqtisadiyyata malik ölkələr müharibə ərzində itirdikləri maddi vəsaitləri vergi toplamaqla bərpa etmək istəyirdilər. Buna görə həm vergi dərəcələri artır, həm də əlavə vergi növləri müəyyən edilirdi. Korporasiyalar isə çıxış yolu kimi yenicə müstəqillik qazanan və aşağı faiz dərəcəsi ilə vergilərin təyin olunduğu ölkələrə üz tutmağa başladılar.

Ofşor zonaların beynəlxalq qanunvericilik ilə tənzimlənməsi

Belə ölkələr son illərdə iri vergi ödəyicilərinin maraq dairəsində olmuş, dövlətə ödənilməli vergilər bu kimi ofşor zonaların vasitəsi ilə sahibkarların ciblərində qalmışdır. Sadəcə Amerikada hər il büdcəyə ödənilməli olan 427 milyard dollar məbləğ ofşor zonalar vasitəsi ilə vergidən yayındırılır.[3]

Elə bunun nəticəsidir ki, Qlobal İqtisadi Böhran zamanı iqtisadçılara görə böhranın əsas səbəblərindən biri də “vergi cənnətləri” kimi adlandırılan ofşor zonalar idi.[4]

Bu kimi hallar Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) ofşor zonalar barədə əsaslı tədbirlər planı hazırlamasına təkan verdi. İlk addım kimi İƏİT 1998-ci ildə hesabat dərc edərək vergi cənnəti ölkələrinin əsas xarakterik xüsusiyyətlərini müəyyənləşdirdi.[5] Hesabata görə bir ölkənin ofşor zona kimi tanınması üçün aşağıda göstərilən xüsusiyyətləri özündə əks etdirməlidir:[6]

1) Sıfır və ya çox aşağı vergitutma;

2) Məxfilik - Belə ölkələrdə korporasiyaların səhmdarları, apardıqları əməliyyatlar, bank hesablaşmaları və mülkiyyət hüquqları barədə məlumatların qorunması və kənar şəxslər üçün anonim qalması barədə qanunun mövcud olması;

3) Şəfafflığın və bank əməliyyatları üzərində nəzarətin olmaması;

4) Qısa müddət ərzində (adətən 1-2 gün) korporasiyaların asan şəkildə yaradılması;

5) Ölkə ərazisində aktiv bizness fəaliyyətinin olmaması - Qeydiyyatdan keçən şirkətlər öz biznes fəaliyyətlərini adətən başqa ölkələrdə həyata keçirirlər.

İƏİT 2000-ci ildə bu mövzuda növbəti hesabatını dərc etmiş, həmin hesabat ilə dünyada 35 ölkə yuxarıda göstərilən standartlara cavab verdiyinə görə vergi cənnəti ölkəsi kimi tanınmışdır.

Onu da qeyd edək ki, bu ölkələrin yeganə müsbət cəhəti vergilərin aşağı faizlə olması deyil, eyni zamanda həmin ölkələrdə məxfiliyə önəm verilməsidir. Vergi dərəcəsinin aşağı faizlə təyin edilməsi digər ölkələr üçün təhlükə ərz etmir. Çünki bir ölkədə fəaliyyət göstərən sahibkar ofşor zonada ödəmədiyi vergini bu ölkədə ödəməlidir. Sadəcə müəssisələrin bank hesablaşmaları, maliyyə vəziyyəti, mənfəəti, aktivləri və əmlakı barədə məlumat almaq mümkün olmadığına görə həmin müəssisələrin ödəməli olduğu verginin miqdarını müəyyən etmək olmurdu. Buna görə vergidən yayınma hallarının qarşısının alınması üçün dövlətlər arasında vergi məsələləri üzrə məlumat mübadiləsinin həyata keçirilməsi vacib idi.

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı 18 aprel 2002-ci ildə Vergi Məlumatlarının Mübadiləsi Sazişinin (TİEAs) nümunəvi formasını dərc etdi. [7] Sazişə əsasən, tərəflər barəsində sorğu verilən vergi ödəyicisi ilə bağlı məlumatları qarşı tərəfə təqdim etməyi öhdəsinə götürürdü. Beləliklə ölkələrin üzləşdikləri vergidən yayınma hallarının qarşısı müəyyən qədər alınacaqdı. Hal-hazırda dövlətlər arasında ikitərəfli və çoxtərəfli olmaqla yüzlərlə belə müqavilələr mövcuddur.

2009-cu ildə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ofşor zonalar vasitəsi ilə vergidən yayınmanın qarşısının alınması ilə bağlı başladılan tədbirlər çərçivəsində ölkələri beynəlxalq standardlara cavab verməyinə görə 3 qrupa ayırmışdır: [8]

1) Qara Siyahı – Beynəlxalq standardların hər hansı birinə cavab verməyən ofşor zonalar;

2) Boz Siyahı – Beynəlxalq standardları qəbul edən, lakin onları əsaslı şəkildə həyata keçirməyən ölkələr;

3) Ağ Siyahı – Beynəlxalq standardları qəbul edən və onları yerinə yetirən ölkələr.

Ağ və Boz siyahı beynəlxalq standardlara cavab verən ölkələri əhatə edir. Aralarında olan yeganə fərq isə Ağ siyahıya düşmək üçün bir yurisdiksiya ən azı 12 Vergi Məlumatlarının Mübadiləsi Sazişi imzalamalıdır.[9]

Son olaraq 2009-cu ildə G20 zirvəsinin London sammitinin əsas müzakirə mövzularından biri də Qara Siyahıda olan ölkələr barədə tədbirlər görməkdən ibarət idi. Bu tədbirlər planına aşağıdakılar aid edildi:[10]

1) Vergi ödəyicilərindən bu ölkələrdə apardıqları əməliyyatları açıqlamağı tələb etmək;

2) Bu ölkələrin sakinlərinə ödənilən xərclərə görə vergi güzəştlərinin rədd edilməsi;

3) Bu ölkələrə ödənişlər üzrə əlavə vergilərin təyin edilməsi;

4) Beynəlxalq təşkilatlar tərəfindən bu ölkələrə investisiya qoyuluşu və onlara yardımla bağlı məhdudiyyətlər.

Ofşor zonalar ilə vergidən yayınma sadəcə beynəlxalq qanunvericilik aktları və beynəlxalq təşkilatlar tərəfindən deyil, eyni zamanda milli qanunvericiliyin köməyi ilə də tənzimlənməlidir. Belə ki, vergidən yayınmanın bu formasında iki iştirakçı mövcuddur: vergi cənnəti kimi tanınan ölkə və vergidən yayınan şirkət və ya fiziki şəxs. Beynəlxalq təşkilatlar və sazişlər birinci iştirakçının fəaliyyətinə nəzarət etməyə imkan versə də, vergidən yayınan şirkətlərə nəzarət birbaşa milli qanunvericiliyin köməyi ilə həyata keçirilməlidir.

Azərbaycan Respublikasının qanunvericiliyi ofşor zonalar ilə vergidən yayınmanın qarşısını almaqda nə qədər effektlidir?

İlk öncə onu qeyd edək ki, ofşor zonalar yerli qanunvericiliyimizdə güzəştli vergi tutulan ölkələr kimi adlandırılır. Güzəştli vergi tutulan ölkə anlayışına isə Vergi Məcəlləsinin 128.2-ci maddəsində tərif verilir. Belə ki, həmin maddəyə əsasən, güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və/və ya maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə və ya ərazi başa düşülür.

Göründüyü kimi bir ölkənin həmin siyahıya düşməsi üçün iki tələb irəli sürülmüşdür:

1) Vergi dərəcəsinin bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olması;

2) Maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olması.

Bir ölkənin güzəştli vergi ölkəsi kimi sayılması üçün bu iki şərtin olması vacibdir. Eyni zamanda bu şərtlərə cavab verən ölkələrin siyahısı müvafiq icra hakimiyyətinin tərtib etdiyi siyahı ilə tənzimlənir. 2022-ci il üçün bu siyahıya 37 ölkə daxil olmuşdur.[11]

Vergi məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən güzəştli vergi ölkələrində olan bank hesablarına və yaxud şirkətlərə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir və həmin ödənişlərə münasibətdə ödəmə mənbəyindən vergi tutulur. Burada isə ödəməni həyata keçirilən banklar vergi agenti qismində çıxış edir.

Son olaraq Güzəştli Vergi Tutulan ölkələrdə fəaliyyət göstərən müəssisələrin vergidən yayınmasının qarşısını almaq üçün 2021-ci ildə Vergi Məcəlləsinə “Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi” adı altında 14-2-ci maddə əlavə olunmuşdur.[12]

Xarici nəzarət olunan müəssisə dedikdə Azərbaycan Respublikasının rezidenti olmayan və güzəştli vergi tutulan ölkələrdə qeydiyyatdan keçən müəssisələr nəzərdə tutulur. Əgər güzəştli vergi tutulan ölkələrdə qeydiyyatdan keçmiş müəssisədə Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin 50 faizdən çox səsvermə hüququ varsa, və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə, həmin müəssisənin mənfəətinin Azərbaycan Respublikasında vergiyə cəlb olunması nəzərdə tutulur.

Həmçinin nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Vergi Məcəlləsinə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olduğu və xarici müəssisənin illik gəlirlərinin 30 faizdən çox olan hissəsi Vergi Məcəlləsində nəzərdə tutulmuş əsas etibarilə passiv gəlirlərdən ibarət olduğu halda da keçərlidir.[13]

Bu maddə birbaşa rezidentlərin öz gəlirlərini güzəştli vergi tutulan ölkələrə vergidən yayınmaqla transfer etməsinin qarşısını almaq məqsədi daşıyır.

Nəticə

Göründüyü kimi ofşor zonalar vasitəsi ilə vergidən yayınma hallarının qarşısını almaq həm beynəlxalq qanunvericilik, həm də milli qanunvericiliyin əsas diqqət mərkəzindədir. Buna görə həmin ölkələri beynəlxalq təşkilatlar əməkdaşlıq etməyə, vergi məlumatları mübadiləsi sazişlərini imzalamağa çağırır, eyni zamanda yerli qanunvericilik aktları ilə də güzəştli vergi tutulan ölkələrə edilən ödənişlər üzrə əlavə vergi və rüsumlar təyin edilməklə ofşor zonalara gedən pul axınının qarşısı alınır.

Hamı tərəfindən bilinən bir həqiqət var ki, vergi ödəyiciləri həmişə daha az vergi ödəməkdə maraqlı olmuş və olacaqdırlar. Buna görə onlar özlərinə bu şəraiti yaradan ölkələr axtaracaqlar. Digər tərəfdən ofşor zonalar vergi güzəştlərinə görə milyardlarla investisiyanı ölkəyə cəlb etdiklərinə görə bu tendesiyadan əl çəkənə oxşamırlar. Buna görə uzun müddət ofşor zonalar ilə vergidən yayınma halları ölkələrin nəzərində aktual mövzu olaraq qalacaqdır.

 



[1] “The Secret IRS Files: Trove of Never-Before-Seen Records Reveal How the Wealthiest Avoid Income Tax” by Jesse Eisinger, Jeff Ernsthausen and Paul Kiel, June 8, 2021. https://www.propublica.org/article/the-secret-irs-files-trove-of-never-before-seen-records-reveal-how-the-wealthiest-avoid-income-tax son baxılma tarixi: 19.11.2022

[2] History of tax havens, Ronen Palan | 01 October 2009. https://www.historyandpolicy.org/policy-papers/papers/history-of-tax-havens son baxılma tarixi: 19.11.2022

[3] How much money is in tax havens?. https://taxjustice.net/faq/how-much-money-is-in-tax-havens/ son baxılma tarixi: 19.11.2022

[4] Tackling Tax Havens, Nicholas Shaxson, September 2019. https://www.imf.org/en/Publications/fandd/issues/2019/09/tackling-global-tax-havens-shaxon son baxılma tarixi: 19.11.2022

[5] Harmful Tax Competition an Emerging Global Issue, OECD (1998).

[6] The History, Evolution And Future Of Tax Havens, Gregori Dolz Benlliure, Náyade Guerrero Gómez, səhifə 13

[7] “International regulation of offshore financial centres: recent developments in the field of tax information exchange” by Orlando Fernández, PLC Cross-Border. https://uk.practicallaw.thomsonreuters.com/8-422-4525?transitionType=Default&contextData=(sc.Default)&firstPage=true son baxılma tarixi: 19.11.2022

[8] Blacklist or Whitewash? Oxfam Briefing Note, November 2017, Aurore Chardonnet and Johan Langerock.

[9] With which countries do tax havens share information? Katarzyna Bilicka and Clemens Fuest. https://oxfordtax.sbs.ox.ac.uk/which-countries-do-tax-havens-share-information son baxılma tarixi: 19.11.2022

[10] The Hidden Wealth of Nations: The Scourge of Tax Havens Hardcover – September 22, 2015.

[11] “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli, 1505 nömrəli fərmanı.

[12] “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci ilı tarixli Azərbaycan Respublikasının Qanunu.

[13] Azərbaycan Respublikası Vergi Məcəlləsi, 14-2.1-ci maddə.


Bloqda paylaşılan məqalələr yalnız Müəllifin fikirlərini əks etdirir və hər hansı şəkildə hüquqi məsləhət xarakteri daşımır. Hüquqi məsələlərinizlə bağlı hüquqşünas və ya vəkillə məsləhətləşməyiniz tövsiyə olunur.

5 Comments

  1. Əla. Bəyəndim !

    ReplyDelete
  2. Çox maraqla oxudum. Digər yazıları da səbrsizliklə gözləyirəm.

    ReplyDelete
  3. Vaxt ayırıb yazdığın üçün təşəkkürlər, məlumatlandırıcı idi , uğurlar🌻

    ReplyDelete
  4. Daha maraqlı fikirlər də gözləyirəm bro👍

    ReplyDelete
Əvvəlki yazı Sonrakı yazı